“RUSİYA AZƏRBAYCAN TƏLƏBƏLƏRİINİN GÖZÜYLƏ” ADLI MÜSABİQƏYƏ YEKUN VURULUB - FOTO

Moderator.az  xəbər verir ki, 29 oktyabrda Xəzər Universitetinin, Moskva azərbaycanlılarının milli-mədəni muxtariyyatının, “İnkişaf” İdman və Mədəniyyət Fondunun, “Müasir İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə universitetin akt zalında “Rusiya Azərbaycan tələbələrinin gözüylə” adlı müsabiqənin yekun tədbiri keçirilib. Tədbirdə Xəzər Universitetinin prorektoru İsaxan İsaxanlı, Azərbaycandakı rus icmasının təmsilçisi Lubov Timofeyevna, Moskva azərbaycanlıları milli-mədəni muxtariyyatı təşkilatının sədri Qalib Ağayev, “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, politoloq Nəzirməmməd Qaramanlı, Rusiya Təhsil Akademiyasının Sankt-Peterburq Smolnı Universitetinin rektoru Heydər İmanov çıxış ediblər.  Qalib Ağayev bildirib ki, 10 ildir fəaliyyət göstərən təşkilatın məqsədlərindən biri də gənclərin başqa xalqların tarixinə, mədəniyyətinə marağını artırmaqdır. Daha sonra Xəzər Universitetinin tələbələri arasında qalibin seçilməsi üçün yarışma həyata keçirilmişdir. Üç mərhələ üzrə baş tutan müsabiqədə iştirakçılar həm suallara cavab verib, həm Rusiya dövləti haqqında onlara verilmiş ev tapşırıqlarını yerinə yetirib, həm də rus şairlərindən şeirlər səsləndiriblər. Yarışmannın qalibləri olmuş Leyla Mahmudova və Nicat İsmayıl Rusiyaya on günlük səfər etmək şansı qazanıblar. Digər iştirakçılara fəxri fərmanlar və medallar təqdim edilmişdir. Tədbirdə eyni zamanda azərbaycanlı gənclərin, xüsusən Sumqayıtda doğulan və Rusiyada yaşayan Yaroslav Semyonovun ifasında səslənən Azərbaycan mahnıları iştirakçıların marağına səbəb olub. 

1 noyabrda Bakı Atatürk Liseyinin, Moskva azərbaycanlılarının milli-mədəni muxtariyyatının, “İnkişaf” İdman və Mədəniyyət Fondunun, “Müasir İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə liseyin akt zalında “Rusiya Azərbaycan şagirdlərinin gözüylə” adlı müsabiqənin yekun tədbiri keçirilib. Tədbirdə liseyin müdiri Ali Devrim, Moskva azərbaycanlıları milli-mədəni muxtariyyatı təşkilatının sədri Qalib Ağayev çıxış ediblər. Daha sonra Liseyin şagirdləri arasında qalibin seçilməsi üçün yarışma həyata keçirilmişdir. Üç mərhələ üzrə baş tutan müsabiqədə iştirakçılar həm suallara cavab verib, həm Rusiya dövləti haqqında onlara verilmiş ev tapşırıqlarını yerinə yetirib, həm də rus şairlərindən şeirlər səsləndiriblər. Tədbirdə eyni zamanda liseyin şagirdlərinin, Yaroslav Semyonovun ifasında Azərbaycan mahnıları səsləndirilib, Azərbaycandakı tatar icmasının üzvlərinin iştirakı ilə tatar milli rəqsləri təqdim edilib.

3 noyabrda Mingəçevirdəki 3 saylı orta məktəbdə Moskva azərbaycanlılarının milli-mədəni muxtariyyatının, “İnkişaf” İdman və Mədəniyyət Fondunun, “Rusiya Azərbaycan şagirdlərinin gözüylə”müsabiqənin yekun tədbiri keçirilib. “Moskva vilayəti azərbaycanlılarının milli-mədəni muxtariyyatı təşkilatının və “İnkişaf” İdman və Mədəniyyət Fondunun birgə həyata keçirdiyi layihədə məqsəd Azərbaycan və Rusiya arasında mədəni əməkdaşlığı genişləndirməkdir”- deyən təşkilatın nümayəndəsi Qalib Ağayev onu da bildirib ki, onlar son 10 ildə “Azərbaycan Rusiya tələbələrinin və şagirdlərinin gözüylə” adlı tədbirlərə də ev sahibliyi ediblər: “Məqsəd Azərbaycan mədəniyyətini, coğrafiyasını və tarixini Rusiyada təbliğ etməkdir”. Mingəçevir şəhəri Təhsil Şöbəsinin əməkdaşı Validə Əlizadə qeyd edib ki, dörd mərhələ üzrə baş tutan yaradıcılıq müsabiqəsində iştirakçılar həm rəsm çəkib, inşa yazıb, həm də Rusiya dövləti haqqında onlara verilmiş ev tapşırıqlarını yerinə yetiriblər. Şagirdlərin təqdimatında səhnəciklər, musiqi nömrələri, şeirlər tədbirə rəng qatıb. Yaroslav Semyonovun ifasında səslənən Azərbaycan mahnıları da iştirakçıların marağına səbəb olub. Sonda münsiflər heyətinin seçimi ilə mingəçevirli şagirdlərdən Lətif Məmmədov, Günel İsmayılova və Maya İsmayılova Moskvaya 10 günlük səyahət qazanıblar.

http://moderator.az

FOTO