Azərbaycan heyəti Qarabağ qurultayına qatılmaq üçün Türkiyəyə yola düşdü

Azərbaycandan heyət Qarabağ qurultayında iştirak etmək üçün Türkiyənin İğdır şəhərinə yola düşüb. Qarabağ qurultayı Beynəlxalq Qarabağ Forumunun (BQF) təşkilatçılığı ilə avqustun 26-da Türkiyənin İğdır şəhərində keçiriləcəkdir. Qarabağ Azadlıq Təşkilatının sədri, Beynəlxalq Qarabağ Forumunun koordinatoru Akif Nağının rəhbərlik etdiyi heyətə Beynəlxalq Qarabağ Forumunun üzvləri: Şəhid Atası, Qarabağ Qazisi Hacı Əkbər Rüstəmov, Qarabağ Əlillərinə Qayğı Cəmiyyətinin sədri, Qarabağ Qazisi Firidun Məmmədov, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva, Tarix Araşdırmaçısı Tağı Kazımov, Kino və teatr aktyoru Şirzad Pirallahi (Hüseynov), Qarabağ Qazisi İlham Quliyev, hüquq müdafiəçisi Şaiq Süleymanov, gənc ictimai fəal Emin Hacıyev daxildir.

Qarabağ qurultayına “Yeni Müsavat” qəzeti, musavat.com portalı, moderator.az portalı informasiya dəstəyi verir. “Yeni Müsavat” qəzetinin yazarı Elşad Paşasoy  iştirak edir.

Qurultayda Azərbaycan, Türkiyə, Rusiya nümayəndələrinin əyani, İsveç, Almaniya, Niderland, Fransa, İspaniya, Ukrayna və digər ölkələrdən təmsilçilərin onlayn formatda iştirakı nəzərdə tutulur.

QAT sədri, BQF koordinatoru Akif Nağı mətbuat üçün açıqlamasında bildirib: “2015-ci ildən bu günə qədər Beynəlxalq Qarabağ Forumunun 8 toplantısı, o cümlədən Bakı, Gəncə, İzmir, İzmit, Ərdəbil şəhərlərində əyani, son iki toplantı isə onlayn formatda keçirilib. Qərara aldıq ki, pandemiya məhdudiyyətlərinə baxmayaraq 9-cu toplantını əyani formada keçirək və toplantılarımızın statusunu artıraraq qurultay adlandıraq. BQF koordinatoru Ziya Zakir Acar başda olmaqla Türkiyə təmsilçiliyinə təşkilatçılıq etdiklərinə görə təşəkkür edirik.

Azərbaycannın İkinci Qarabağ müharibəsində qələbəsindən sonra yeni şərait yaranıb. Böyük nəticələr əldə etmişik, amma görüləcək işlər də çoxdur. Ermənilər sakit dayanmır, yalan təbliğatları ilə yanlış ictimai rəy yaratmağa çalışırlar. Ona görə də arxayınlaşmadan qüvvələrimizi daha ciddi şəkildə səfərbər etməli, geniş cəbhədə mübarizəni davam etdirməliyik. Beynəlxalq Qarabağ Forumunun fəaliyyətinin genişləndirilməsi, Qarabağ qurultayının keçirilməsi bu məqsədə xidmət edir”.

Moskva vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədri, tanınmış diaspor nümayəndəsi Elşən İbrahimov da Qarabağ qurultayında iştirak etmək üçün Türkiyənin İğdır şəhərinə yola düşüb.

QAT Mətbuat Xidməti

Mənbə: moderator.az

25.08.2021